İtaliya qəzeti Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib

İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş məqalə dərc edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yazıda Azərbaycan xalqının dekabrın 12-də dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümünü qeyd etdiyi bildirilir. Böyük müdrik şəxsiyyət, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən dünyagörüşü, qətiyyəti və praqmatik xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuz qazandığı qeyd olunur.

Vurğulanır ki, Ümummilli Lider Azərbaycan institutlarını möhkəmləndirməyə, iqtisadi və sosial inkişaf üçün vacib olan siyasi sabitliyə nail olub, ölkəmizi dinamik iqtisadiyyata çevirən iddialı iqtisadi islahatlar proqramına start verib. Heydər Əliyev həmişə təhsil və incəsənət sahələrinə böyük önəm verib, minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın mötəbər universitetlərində təhsil almasına imkan yaradan dövlət proqramının təbliğatçısı olub. Onun güclü dövlət idarəçiliyi ənənəsinə və azərbaycançılıq ideologiyasına əsaslanan irsi tarixi və mədəniyyəti ilə fəxr edən güclü, firavan və müstəqil xalq yaradıb.

Bildirilir ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Vatikana səfəri Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərində yeni mərhələnin əsasını qoyub.

Yazıda qeyd olunur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ümummilli Liderin adını daşıyan, onun təhsil, incəsənət və mədəniyyətlə bağlı humanitar ideyalarının həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondu müxtəlif ölkələrdə çoxsaylı dini və tarixi əhəmiyyətə malik abidələrin bərpasını və digər mühüm humanitar fəaliyyətlər həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda yerləşən dünya əhəmiyyətli bir sıra tarixi abidələr bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə