Bu gün Azərbaycan xalqının xilaskarı, müasir dövlətçiliyimizin memarı və əbədiyaşar liderimiz Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik.
Ulu Öndər Heydər Əliyevin mənalı və zəngin həyat yolu yalnız Azərbaycan üçün deyil, eyni zamanda, bütün Türk dünyası üçün örnəkdir. Onun gördüyü titanik işlər, verdiyi tarixi qərarlar və qurduğu güclü dövlətçilik sistemi bu gün müstəqil Azərbaycanın inkişafının əsas sütunlarını təşkil edir.
Ümummilli Lider Heydər Əliyev dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi və sosial sahələrdə sabitliyin təmin edilməsi və xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərərək Azərbaycan xalqının tarixində müstəsna rol oynayıb. Məhz dahi dövlət xadiminin rəhbərliyi altında ölkəmiz müstəqilliyini qoruyub saxlaya bilib, gələcəyə inamla irəliləyən bir dövlət kimi formalaşıb.
SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
O bildirib ki, Qarabağ mövzusu Ulu Öndərin zəngin siyasi fəaliyyətinin ən mühüm komponentlərindən olub. Qlobal arenalarda hər zaman ölkəmizin haqq səsini ucaldan Heydər Əliyev Qarabağın işğaldan azad olunması istiqamətində mühüm siyasi-diplomatik addımlar atıb. Çox xoşbəxt və qürurluyuq ki, Ümummilli Liderimizin layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu parlaq siyasi xətti uğurla davam etdirərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə ata vəsiyyətini yerinə yetirmiş oldu.
“Bu gün Ulu Öndərimizin ruhu həm də ona görə şaddır ki, işğaldan azad olunmuş torpaqlarımız sürətlə dirçəlir. Vətən müharibəsinin Qələbə ilə nəticələnməsindən sonra doğma Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ Universiteti olaraq, biz də bu dirçəlişin bir parçası olmaqdan qürur duyur və bölgənin intellektual, mədəni və sosial inkişafına töhfə verməyə çalışırıq.
“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər təhsilin və elmin cəmiyyətin inkişafında oynadığı rolu hər zaman yüksək qiymətləndirib. Müasir dünyagörüşlü, bilikli, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik Azərbaycan gəncliyinin yetişdirilməsinə əsaslanan dahi liderin təhsil strategiyası çərçivəsində milli təhsilimizin modernləşdirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib. Qarabağ Universiteti olaraq, Ümummilli Liderin təhsil strategiyasını öz fəaliyyətimizin təməl prinsipi hesab edirik. Universitetimizin əsas məqsədi yalnız bilikli mütəxəssislər yetişdirmək deyil, həm də Heydər Əliyevin ideyalarına sadiq, ölkənin gələcəyinə töhfə verəcək vətənpərvər gənclər formalaşdırmaqdır", - deyə rektor vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin zəngin irsinin Azərbaycan xalqı üçün bir yol xəritəsi olduğunu deyən Şahin Bayramov əlavə edib: “Onun liderlik prinsipləri, milli-mənəvi dəyərlərə sadiqliyi və dövlət quruculuğundakı yenilikçi yanaşması gələcək nəsillərin ilham qaynağı olaraq qalacaqdır. Qarabağ Universiteti olaraq, əbədiyaşar liderin ideyalarından ilham alaraq təhsildə, elmdə və cəmiyyətə xidmət sahələrində irəliləmək üçün əzmlə çalışırıq. Anım Günündə Ümummilli Liderimizin əziz xatirəsini bir daha böyük ehtiram və sonsuz minnətdarlıqla yad edir, dahi şəxsiyyətin miras qoyduğu vətənpərvərlik, uzaqgörənlik, qətiyyətlilik, əzmkarlıq və fədakarlıq dəyərləri ilə Azərbaycanın daha parlaq gələcəyinə inanırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə