Marneulidə “Əsrin yadigarı-Heydər Əliyev” kitabının təqdimatı keçirilib

Marneulidəki “Azərbaycan Evi”ndə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevə həsr olunmuş “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib.

SİA xəbər verir ki, “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə baxıblar.

Tədbirdə fenomen şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Gürcüstan azərbaycanlılarının və gürcü xalqının qəlbində yaşayır və daim yaşayacaq. Ulu Öndərin elmi və siyasi irsinin təbliği istiqamətində işlər görülüb və görülür. Bu işlərdən biri də dünyaşöhrətli siyasi xadim Heydər Əliyev haqqinda yazılan kitablardır. Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, gaxa.ge portalının baş redaktoru, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə də “Əsrin Yadigarı – Heydər Əliyev” adlı kitab yazmaqla Ulu Öndərin həyatına bir daha nəzər salıb, onun parlaq zəkası və fəaliyyəti barədə oxuculara ətraflı məlumat verib.

Bildirilib ki, kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilib.

Əməkdar jurnalist Nizami Məmmədzadə kitab haqqında geniş məlumat verib. Bildirib ki, Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ərəfəsində çap olunan kitabda dahi şəxsiyyətə həsr olunmuş poema və müxtəlif mövzularda şeirlər yer alıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə, Marneuli Bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, Dmanisi merinin müavini Arif Süleymanov, Türkiyənin “Maarif Okurlları”nın Tbilisi rəhbəri Ali Sedat Aslan, Marneuli Bələdiyyəsinin üzvü Anar Piriyev, Gürcüstan parlamentinin sabiq deputatları İsak Novruzov, Azər Süleymanov, Hidayət Hüseynov, professor Mahmud Kamaloğlu və digər şəxslər çıxış edərək Ulu Öndər barədə fikirlərini bölüşüb, dahi şəxsiyyətin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıblar. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi Məhəmməd Şamilov, Tbilisi, Marneuli, Bolnisi, Qardabani və Dmansidən ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə