UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Universitetdən bildirilib ki, tədbirin açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov Ulu Öndərin zəngin irsinin tədqiq edilməsinin vacibliyindən söz açaraq, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə UNEC-də dahi şəxsiyyətin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən 170-ə yaxın tədbirin keçirildiyini və bu tədbirlərin davam etdirildiyini söyləyib. Rektor Ulu Öndərin Qərbi Azərbaycanda formalaşmış milli-mədəni dəyərlərin qorunması, mədəni abidələrin yenidən qurulması ilə bağlı səsləndirdiyi tarixi fikirlərinin, sərəncam və fərmanlarının Azərbaycanın bütövlüyünün təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və bütün bunların kitabda öz əksini tapdığını qeyd edib.

Kitabın ideya müəllifi olan professor Vaqif Şadlinski Ümummilli Lider Heydər Əliyev dühasının xalqımızın tarixində, milli-siyasi təfəkküründə və dövlətçilik şüurunda çox böyük məna yükü daşıdığını, bu dahi şəxsiyyətin həyatının hər səhifəsinin əzəmətli bir abidə olduğunu diqqətə çatdırıb: “Ulu Öndərin ən böyük xidmətlərindən biri də Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın müdafiəsi, onlara göstərilən diqqət və qayğı olub. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşü zamanı Heydər Əliyevin siyasətinin yaşamalı olduğunu, bu yeganə siyasətin Azərbaycanı daha da gücləndirəcəyini bildirib. Ulu Öndərin Qərbi azərbaycanlılara göstərdiyi diqqət və qayğını, Prezident İlham Əliyevin İcma qarşısında söylədikləri fikirləri əsas götürərək biz bu kitabı ərsəyə gətirdik. Kitabda Qərbi Azərbaycandan olan 56 müəllifin Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrindən, şəxsiyyətinin ucalığından, ali insani keyfiyyətlərindən bəhs edən və faktlara əsaslanan yazıları yer alıb”.

Tədbirdə çıxış edən kitabın elmi redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu ölkəmizin milli mübarizə tarixinin yeni mərhələsindən, deputat, professor Musa Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaranmasındakı misilsiz xidmətlərindən danışıb. UNEC-in kafedra müdiri professor Əvəz Ələkbərov isə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini iştirakçılarla bölüşüb.

Ulu Öndər Heydər Əliyev haqqında səmimi və xoş xatirələrlə davam edən görüşün sonunda rektor Ədalət Muradov kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə