Bişkekdə “Planetlə dialoq” sənədli filminin nümayişi olub

Bişkekdə Alıkul Osmonov adına Milli Kitabxananın Çingiz Aytmatov zalında tanınmış rusiyalı rejissor Qriqori Naxapetovun “Planetlə dialoq” adlı sənədli filminin nümayişi keçirilib. Kinofilm məşhur qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə və Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunub.

SİA xəbər verir ki, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşı Şahin İsgəndərov, Qırğızıstan Prezidenti Administrasiyasının, nazirliklərinin nümayəndələri, ictimai xadimlər, Azərbaycandan olan nümayəndə heyəti və digər şəxslər iştirak ediblər. Tədbirin təşkilatçısı qismində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu çıxış edib.

Gəncə Dövlət Universitetinin dosenti, pedaqoji elmlər doktoru Bayram Apoyev çıxışında qeyd edib ki, Heydər Əliyev və Çingiz Aytmatov təkcə türk xalqının deyil, həm də dünyanın ən tanınmış şəxsiyyətləri sırasına daxildirlər. O, Azərbaycan və qırğız xalqları arasında siyasi və mədəni əlaqələrin inkişafında onların mühüm rolunu qeyd edib.

“Film təkcə Çingiz Aytmatovun yaradıcılığına deyil, həm də müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin fəaliyyətinə həsr olunub. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, eləcə də türk ölkələri və xalqları arasında münasibətlərin inkişafında və genişlənməsində müstəsna rolunu nəzərə alsaq, bu təsadüfi deyil. Ulu Öndər Azərbaycan xalqının zəngin bədii irsinin, mədəniyyətinin, incəsənətinin və ənənələrinin qorunub saxlanması, eləcə də bütün türkdilli ölkələrin mənəvi irsini özündə əks etdirən ideyaların formalaşması və inkişafı üzrə mühüm prinsipial tədbirlər həyata keçirirdi”, - deyə Qırğızıstanın Mədəniyyət Nazirliyinin mədəni irsin qorunması və inkişafı idarəsinin müdiri Rinat Bakeyev bildirib.

R.Bakeyev əlavə edib ki, hazırda məhz kinematoqrafiya hər iki xalqın görkəmli oğullarının tanınmasında və xatirələrinin yad edilməsində təsirli vasitədir. O deyib: “Biz əminik ki, bu film xalqların mənəvi baxımdan zənginləşməsinə xidmət edəcək və təkcə iki ölkə arasında deyil, bütün türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmlənməsində körpü olacaq”.

Sonra Özbəkistanın Milli Teleradioşirkətinin diktoru Jıpara Şabdanaliyeva Azərbaycanın polis general-mayoru Həsən Şirinovun Ulu Öndər Heydər Əliyevə həsr etdiyi, qırğız şairi Sooronbay Jusuyev tərəfindən tərcümə olunan şeirini, eləcə də Şahmar Əkbərzadənin Çingiz Aytmatova həsr etdiyi “Bakı və Frunze vaxtı” şeirini səsləndirib.

Daha sonra Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çəkilən “Planetlə dialoq” filminin nümayişi olub.

Film nümayiş etdirildikdən sonra ədliyyə general-leytenantı Sootbek Kudayberdiyev çıxış edərək, qardaş Qırğızıstan və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmlənməsində dahi dövlət xadimi Heydər Əliyevin və mütəfəkkir, filosof və yazıçı Çingiz Aytmatovun mühüm rollarından danışıb.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov toplaşanlara minnətdarlığını bildirib.

Tədbir çərçivəsində Fondun Ümummilli Lider Heydər Əliyev haqqında Bişkekdə dərc etdiyi kitabların təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə