“Heydər Əliyev və Azərbaycan-Gürcüstan mədəni əlaqələri”

Gürcüstanın Marneuli şəhərində tədbir...

Dekanın 24-də Gürcüstanın Marneuli şəhərində “Heydər Əliyev İli”nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan-Gürcüstan mədəni əlaqələri” adlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir “Türk Ağsaqqallar İctimai Birliyi” (TAİB) və Marneulidəki “Çay Evi” Təhsil və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə reallaşıb.

Tədbirin keçirildiyi Marneuli Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən elektron fotosərgi açılıb.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Sonra dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Vurğulayıb ki, müasir Azərbaycan və Gürcüstan dostluğu və qardaşlığı da məhz Ümummilli Liderin adı ilə bağlıdır.

Bildirib ki, Ulu Öndər Gürcüstan ərazisindəki milli-mənəvi dəyərlərimizin, etnik-mədəni irsimizin qorunmasını və yaşadılmasını müstəqil Azərbaycanın dövlət siyasəti səviyyəsinə qaldırmışdır.

Müşavir Ulu Öndərin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb, bu siyasətin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edildiyini, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra regionda sülhün və sabitliyin bərqərar olunduğunu, bütövlükdə yeni reallığın yarandığını qeyd edib.

E.Bayramov bugünkü tədbirin dekabrın 24-də keçirilməsinin də təsadüfi olmadığını vurğulayıb. Bildirib ki, bu gün Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin doğum günüdür. Salona toplaşanlar Prezident İlham Əliyevin ayaq üstə sürəkli alqışlarla təbrik ediblər.

Sonra “Təhsil və İnkişaf Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış edərək Gürcüstan vətəndaşlarını, soydaşlarımızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

“Türk Ağsaqqallar İctimai Birliyi"nin sədri, akademik Südeyf İmamverdiyev, Əməkdar jurnalisti Telli Pənahqızı çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin inkişafında və dünya ölkələri sırasında layiqli yer tutmasında xüsusi xidmətləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, dahi Heydər Əliyev Azərbaycan-Gürcüstan dostluğunun memarı olub və hər zaman iki ölkə arasındakı münasibətlərə xüsusi diqqət yetirib.

Tədbir çərçivəsində gürcü tarixçi alim, politoloq Quram Marxuliyaya Turan Elmlər Akademiyasının akademiki fəxri adı təqdim olunub.

Tarixçi alim, akademik Sabir Tağıyev çıxış edərək bildirib ki, Q.Marxuliya Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və erməni vandalizminin ifşa edilməsindəki xidmətlərinə, çoxsaylı elmi araşdırmalarına görə, bu fəxri ada layiq görülüb.

Q.Marxuliya ona göstərilən etimada görə minnətdarlıq edib.

Gürcüstan Mədəniyyət Akademiyasının İcraiyyə Şurasının sədri, Gürcüstan Sosial Elmlər Akademiyasının akademiki Şota Maqlakelidze çıxış edərək Ulu Öndər Heydər Əliyevlə görüşlərindən danışıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb.

Sonra tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə