Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyada Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, YAP Mərkəzi Aparatının, ETSN-nin və Binəqədi RİH-nin əməkdaşları, partiyanın Gənclər Birliyinin üzvləri iştirak ediblər.

Bu tədbir Yeni Azərbaycan Partiyası fəallarının ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Gələcəkdə də bu cür aksiyaların davamlı olacağı nəzərdə tutulmuşdur. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə