Londonda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

London şəhərində yerləşən məşhur “Chelsea Old Town Hall” bələdiyyə binasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın və Birləşmiş Krallığın Dövlət himlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Ulu Öndərin London səfərini, Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışlarından fikirlərini əks etdirən videoçarx və Azərbaycan Diasporuna Dəstək Fondunun dahi şəxsiyyətə həsr etdiyi “Böyük sənət hamisi” adlı sənədli film nümayiş etdirilib.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova xatırladıb ki, 1994-cü ildə Azərbaycan icması ilə ölkəmizin Böyük Britaniyadakı səfirliyində görüşü zamanı Heydər Əliyev soydaşlarımızı öz övladlarına dilimizi, tariximizi, musiqimizi, Azərbaycan laylalarını öyrətməyə çağırıb. F.Pənahova tədbirin Heydər Əliyevin dəyərli tövsiyəsini əks etdirdiyini söyləyib. Dünya Azərbaycanlılarının I Qurultayında Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi “Qoy, çaylarımız qurumasın, ağaclarımız kəsilməsin, çırağımız sönməsin! Yaşasın müstəqil Azərbaycan!” arzusunun Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirildiyi diqqətə çatdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Ulu Öndərin 100 illik yubileyi böyük qürurla və təntənə ilə qeyd edilir. Heydər Əliyevin həyata keçirdiyi azərbaycançılıq ideologiyasının xalqın milli mənsubiyyətinə, mədəni dəyərlərinə söykəndiyi, soydaşlarımızın birləşmək əzmini gücləndirdiyi, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsinin bütün azərbaycanlıların qəlbini fəth etdiyi vurğulanıb: “Biz xatırlamalıyıq ki, “Qarabağ” məktəbinin istedadlı övladlarını böyüdən valideynlər və müəllimlər bir vaxtlar Heydər Əliyev dövrünün gənc nəslini təşkil ediblər. O, məhz öz mədəniyyətinə sadiq, xalqımızın multikultural ənənələri ilə formalaşan gənclərə inanırdı”.

Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin əməkdaşı Rəşad Vahabzadə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu və siyasi fəaliyyətindən danışıb.

Sonra “Qarabağ” məktəbinin şagirdləri və Xalq artisti Gülyanaq Məmmədovanın ifasında rəngarəng konsert proqramı təqdim edilib. Ulu Öndərin arzusunu və ona həsr olunmuş fikirləri Azərbaycan və ingiliscə səsləndirən məktəblilərin ifasında “Can Azərbaycan”, “Azərbaycan”, “Dostluq himni”, “Əsgər marşı”, Gülyanaq Məmmədovanın ifasında isə “Ucal həmişə”, “Yaşa mənim xalqım”, “Azərbaycanım”, “Mən bu millətə bağlıyam”, “Şən Azərbaycan” mahnıları səsləndirilib.

Tədbirin sonunda xalqımızı və dünya azərbaycanlılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən məktəblilərə sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə