Estoniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildiriblər ki, tədbirdə Türkiyənin, Moldovanın, Macarıstanın, Şimali Makedoniyanın və Braziliyanın Estoniyadakı səfirləri, digər diplomatik nümayəndəliklərin əməkdaşları, bu ölkədəki Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov Ulu Öndərin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizədən, respublikanın ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan qurtuluşu naminə üzərinə götürdüyü və müxtəlif mərhələlərdən keçmiş missiyasından danışıb.

Qeyd olunub ki, məhz Heydər Əliyevin tarixi xidmətləri nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub, xarici siyasət sahəsində mühüm nailiyyətlər əldə edilib. Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində onun özünün banisi olduğu yeni neft strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında həlledici rol oynayıb. Bu strategiyanın tərkib hissəsi kimi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın gələcək uğurlu inkişafı üçün yeni üfüqlər açıb. Bundan başqa, Bakı-Supsa boru kəmərinin istismarı və Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin tikintisi Azərbaycan neftinin beynəlxalq bazarlara çıxarılması üçün mühüm imkanlar yaratdı. Bundan başqa, Azərbaycan qazının Qərb bazarlarına ixracını təmin etmək məqsədilə Azərbaycanın təbii qazının Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqlinə dair sazişin imzalanması da Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Azərbaycanın təşəbbüsü və müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas komponentləri olan TANAP və TAP-ın uğurla reallaşdırılması bu gün ölkəmizi dünyanın, o cümlədən Avropanın enerji təchizatında əsas oyunçulardan birinə çevirib.

Eyni zamanda, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun günü-gündən artdığı və regional liderə çevrildiyi qeyd olunub. Vurğulanıb ki, bu il anım tədbirləri Azərbaycanın bütün suveren ərazisində keçirilir. Azərbaycan xalqı bu gün də Heydər Əliyevin Ümummilli Lider kimi xatirəsini dərin ehtiramla anmaqda davam edir.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, Estoniyada fəaliyyət göstərən azərbaycanlı gənc pianoçu Nəriman Əmiraslanın və skripka ifaçısı Dmitro Çerepovun ifasında Azərbaycan bəstəkarlarının, eləcə də dünya klassiklərinin lirik əsərləri səsləndirilib.

Sonda tədbir iştirakçıları azərbaycanlı rəssam Rövşən Quliyevin müəllifi olduğu və ölkəmizin mədəniyyətini, incəsənətini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə