Pretoriyada Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə müvəqqəti işlər vəkili və səfirliyin əməkdaşları ilə birgə Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada yaşayan Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndərin səfirlikdəki portreti önünə gül dəstəsi qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra müvəqqəti işlər vəkili Zaur Şükürov çıxış edərək Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan danışıb. O, Ümummilli Liderin müasir Azərbaycan dövlətinin banisi və xilaskarı kimi xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib. Diplomatik missiyamızın rəhbəri məhz Heydər Əliyevin əsasını qoyduğu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən müdrik, qətiyyətli və uzaqgörən siyasətin nəticəsində Rəşadətli Ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə