İspaniyada Ulu Öndərin xatirəsinə həsr olunmuş anım mərasimi

Dekabrın 12-də Azərbaycanın İspaniyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə İspaniyada yaşayan soydaşlarımız, Madrid, Barselona, Valensiya və digər şəhərlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ölkəmizin İspaniyadakı səfiri Ramiz Həsənov müasir Azərbaycanın əldə etdiyi tərəqqi və inkişafın həyatının böyük hissəsini öz xalqına, Azərbaycanın rifahına həsr etmiş Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu qeyd edib.

Səfir diqqətə çatdırıb ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş ittifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

Qeyd olunub ki, 1991-1993-cü illərdə Azərbaycan hökumətində baş vermiş özbaşınalıq ölkəni vətəndaş müharibəsi vəziyyətinə sürükləmişdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan Azərbaycanı parçalamağa cəhd edərək, ərazilərimizin 20 faizini işğal etmiş, bir milyondan artıq soydaşımız Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuşdu.

Vurğulanıb ki, 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olmuş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdi.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etmiş və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdu. Artıq üçrəngli bayrağımız Vətən torpaqlarında, “Azərbaycanın ürəyi” olan Qarabağda - Şuşa və Xankəndi şəhərlərində qürurla dalğalanır.

Bu gün ölkəmizdə və dünyanın digər ölkələrində yaşayan həmvətənlərimizin Azərbaycanı dünyaya tanıdan, dünyanın görkəmli şəxsiyyətlərindən biri olan Ulu Öndərin xatirəsinə ehtiramlarını ifadə etdikləri bildirilib.

Tədbir iştirakçıları da Ulu Öndərin ölkəmizin bütövlüyü, xalqımız həmrəyliyi uğrunda müdrik siyasətindən, respublikamızın müstəqilliyinin qorunub-saxlanmasındakı əvəzolunmaz rolundan bəhs edib, dahi şəxsiyyətin əziz xatirəsi ilə bağlı səmimi fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə