Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Litvada da anılıb

Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar dekabrın 11-də Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Vilnüsdə anım mərasimi keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycanın Litvadakı səfirliyindən bildirilib ki, mərasimdə Türkiyə və Qazaxıstanın bu ölkədəki səfirliklərinin əməkdaşları, Litvada yaşayan azərbaycanlılar, Vilnüs İslam Mədəniyyəti Mərkəzinin və müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev çıxış edərək Ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, onun keçmiş SSRİ-yə daxil olan və ötən əsrin 90-cı illərində yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycana rəhbərliyi dövrlərindəki fəaliyyətindən danışıb.

Səfir Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə dövrdə həyata keçirilən islahatlar və strateji tədbirlər nəticəsində ölkəmizin SSRİ miqyasında xüsusi çəkiyə malik bir respublikaya çevrildiyini qeyd edib. Ulu Öndərin 1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Ulu Öndərin öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını ittiham edən və cəsarətli bir bəyanatla çıxış etdiyi qeyd edilib.

1990-cı illərdə Azərbaycanın siyasi və iqtisadi baxımdan olduqca mürəkkəb bir vəziyyətlə üzləşdiyini qeyd edən T.Qarayev belə bir çətin anda xalqın tələbi ilə Ümummilli Liderin 1993-cü ildə Naxçıvandan Bakıya gəldiyini, Azərbaycan Ali Sovetinin sədri seçilərək əvvəlcə ölkə Prezidentinin səlahiyyətlərini həyata keçirdiyini, həmin ilin oktyabrında isə ümumxalq səsverməsi nəticəsində Prezident seçildiyini söyləyib. Diplomat Ümummilli Liderin Azərbaycanda sabitliyin bərqərar olunması və möhkəmləndirilməsi, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, silahlı qüvvələrin yaradılması və digər istiqamətlərdə əvəzsiz xidmətlərindən, onun Azərbaycan elminin, mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan bəhs edib.

T.Qarayev əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə qanunsuz erməni hərbi birləşmələrinə qarşı aparılmış antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam olaraq bərpa etməsinin təməlində məhz bunun dayandığını ön plana çəkib. Səfir millətinin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyevin xalqın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacağını vurğulayıb.

Sonra iştirakçılarına Ümummilli Liderin 2001-ci il iyulun 14-də xarici ölkələrin media rəhbərləri ilə keçirdiyi görüş zamanı öz həyat və fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirdən çıxarışlar oxunub, Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbir zamanı müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub və Ümummilli Liderin ruhuna dualar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə