Xırdalanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron rayon təşkilatının rəhbərliyi, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyəti iştirak edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iştirakçılar öncə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət ediblər. Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ulu Öndərin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən danışıb. Qeyd edilib ki, zaman keçdikdə Ümummilli Liderin xalqımız üçün nə qədər böyük işlər gördüyü, dövlətimizin inkişafı, gələcəyimiz üçün nə qədər mükəmməl və uzaqgörənliklə düşünülmüş siyasi kurs müəyyənləşdirdiyi daha dərindən dərk edilir. Heydər Əliyevin xatirəsi dahi şəxsiyyət və böyük ideyaların müəllifi kimi Azərbaycan xalqının qəlbində daimi yaşayacaq.

Digər natiqlər bildiriblər ki, Ulu Öndərin Azərbaycançılıq məfkurəsi milli birliyimizə, inkişafımıza, xalqımızın rifahına xidmət edib. Qeyd olunub ki, Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Məhz Ulu Öndərin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün biz bütöv Azərbaycanda yaşayır və işğaldan azad edilən torpaqlarımızda Ümummilli Liderin xatirəsini dərin ehtiramla anırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə