Ulu Öndərə həsr olunmuş kitabların təqdimatı keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa və kitabların təqdimat mərasimi keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, institutdan bildirilib ki, tədbirdə çıxış edən bu elmi müəssisənin direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Heydər Əliyev İli”ndə üç kitab və bir konfrans materialının çap edildiyini söyləyib. Bildirib ki, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin birgə yazdıqları “Heydər Əliyev və Qafqaz problemləri” adlı əsərdə ilk dəfə olaraq Ulu Öndərin Qafqaz problemlərinə münasibəti və fəaliyyəti müxtəlif dillərdə olan mötəbər mənbə və ədəbiyyatlar əsasında tədqiq edilib. Kitabda Heydər Əliyevin çıxışları, nitqləri və müsahibələrinin toplandığı “Müstəqilliyimiz əbədidir” çoxcildliyi əsasında Qafqaz məsələlərinə baxışları, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, həmçinin Çeçenistan, osetin-inquş, gürcü-abxaz, Tsxinvali (gürcü-osetin) münaqişələrinin dinc siyasi vasitələrlə tənzimlənməsi, Azərbaycanın Rusiya, Gürcüstan, Türkiyə və İranla münasibətlərinin inkişaf etdirilməsində fəaliyyəti təhlil edilib.

“Ulu Öndər Heydər Əliyev Qafqaz regionunun sülh zonasına çevrilməsindən ötrü geniş fəaliyyət göstərib. Bunun üçün ilk növbədə dövlətlərin bir-birinin daxili işlərinə son qoymasının, münaqişələrin dayandırılmasının tərəfdarı olub və bir sıra təşəbbüslər irəli sürüb. Hesab edib ki, münaqişələr həll edildikdən sonra Qafqaz ölkələri və xalqları həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edə bilərlər. Kitab regionşünaslar, politoloqlar, tarixçilər, diplomatlar, siyasətçilər, tələbələr, magistrantlar, həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub”, - deyə Musa Qasımlı çıxışında bildirib.

Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru professor İsmayıl Hacıyev, rəyçilər siyasi elmlər doktoru Hikmət Babaoğlu, professorlar Qasım Hacıyev, Ramiz Sevdimalıyev və Şirxan Səlimovdur.

Tarix elmləri doktoru, professor Qasım Hacıyevin yazdığı “Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü” adlı kitabda dünyaşöhrətli siyasi xadim, dövlətçilik tariximizdə mühüm mövqe tutan, tarixin ahəngini öz nəzarəti altına götürə bilən, realist və praqmatik, inamlı xarici siyasət yeridə bilən böyük şəxsiyyət Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına, hərbi təcavüzünə, erməni separatizminə qarşı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda fəaliyyəti araşdırılıb.

Kitabın elmi məsləhətçi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın həqiqi üzvü, professor İsmayıl Hacıyev, rəyçilər professorlar İradə Hüseynova və Kərim Şükürovdur.

Tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın rus dilində nəşr olunmuş “Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2022-ci illər)” adlı monoqrafiyasında ilk dəfə olaraq Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili müxtəlif dillərdə olan mənbə və ədəbiyyatlar əsasında tədqiq edilib. Kitabda, həmçinin Ermənistanın hərbi təcavüzünə və 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərin azad edilməsi məsələsində Böyük Britaniya hökumətinin mövqeyi şərh, təhlil və müqayisəli təhlil edilib.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, rəyçilər AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev, tarix elmləri doktoru, professor Şirxan Səlimov, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyevadır.

İnstitutun üç dildə nəşr edilən “Qafqazşünaslıq” jurnalında Ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə yer alıb.

Dəyirmi masada “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” adlı respublika elmi konfransının çap olunmuş materialları da təqdim olunub. Ölkə səviyyəli olmasına baxmayaraq konfransda xarici ölkələrdən də tədqiqatçılar məruzə ediblər.

Tədbirdə çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva, UNEC-in tədqiqatçısı Həmid Əhmədli, Qafqazşünaslıq institutun elmi işlər üzrə direktor müavini dosent Ramilə Dadaşova, şöbə müdirlərindən professor Qasım Hacıyev, dosent Vahid Ömərov, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli kitablarla bağlı fikirlərini bölüşüb, Azərbaycan elmi üçün dəyərli və böyük töhfə olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə