"Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə sədaqət nümayiş etdirib" - YAP Sədrinin müavini

"2003-cü ildə xalqımız Heydər Əliyev siyasətinə bir daha qətiyyətli dəstək verərək cənab İlham Əliyevə etimad göstərmiş, Ümummilli Liderin müəyyənləşdirdiyi yolun alternativsizliyini inamla ifadə etmişdir. Bu gün qürur və iftixarla qeyd edirik ki, zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirmiş, Heydər Əliyevin arzuları reallığa çevrilmişdir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi ilə müasir dövlətçilik tariximizdə keyfiyyətcə yeni mərhələ başlanmış, ardıcıl nailiyyətlərə imza atılmış, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrilmişdir. Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirilməsi Azərbaycanı sabitlik və sürətli inkişaf yoluna çıxarmış, məhz bu siyasət nəticəsində iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan Qələbə zirvəsinə yüksəlmişdir. Bir sözlə, Heydər Əliyev siyasətinin zirvə nöqtəsi 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqların azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası və suverenliyinin bərqərar edilməsidir". SİA xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfransda deyib.

Tahir Budaqov qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qalibiyyətin ardınca “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik tarixi hadisədir: "Bu, Heydər Əliyev siyasətinin təntənəsi, Ümummilli Liderin vəsiyyətinin Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən yerinə yetirilməsidir. Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış prosesi də çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü Azərbaycanın etibarlı bünövrəsini formalaşdırmaqdadır.

Bu gün tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana parlaq nailiyyətlər qazandırır, milli qüdrətimiz günbəgün artır. Dövlət başçısının qeyd etdiyi kimi, “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”. Bütün bu nailiyyətlər və qürurverici reallıqlar təsdiqləyir ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasətinə sadiqdir və sözü imzası qədər dəyərlidir.

Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə, Onun parlaq ideyalarına sədaqət nümayiş etdirmişdir. Cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Azərbaycan gəncliyi də bu gün Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rola malikdir. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə edən gənclərimizin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran milli hədəflərin reallaşmasına önəmli töhfə kimi yüksək qiymətə layiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə