"Ulu Öndərin ideyaları Azərbaycanın siyasi-ideoloji sütunudur" - Tahir Budaqov

"Müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, əbədişayar ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olmaqla daim aktual və vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də bu baxımdan müstəsna önəm kəsb edir". SİA xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfransda deyib.

T.Budaqov diqqətə çatdırıb ki, Ulu Öndərin adı ilə bağlı olan və hazırda Onun siyasi varisi cənab İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarının təşviqi yönündə müxtəlif tədbirlər reallaşdırmaqdadır: "Cari ilin ötən dövrü ərzində həyata keçirdiyimiz tədbirlər Heydər Əliyev irsinin və ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər.

İnkaredilməz reallıqdır ki, müasir dövlətçiliyimizin sarsılmaz əsaslarını yaradan Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycan dövlətinin siyasi-ideoloji sütunu, xalqımızın isə tükənməz mənəvi-siyasi sərvətidir. Çünki Azərbaycanın yeni və müasir dövlətçilik tarixinin müxtəlif mərhələlərini - həm SSRİ, həm də müstəqillik dövrünü əhatə edən dönəmləri Heydər Əliyev siyasətinin xalqımızın və dövlətimizin taleyində hansı tarixi əhəmiyyətə malik olduğunu, Ulu Öndərin xidmətlərinin misilsizliyini əks etdirir. Müdrik dövlət xadimi Sovet ittifaqı dönəmində Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına müvəffəq olmaqla gələcək müstəqilliyin əsaslarını formalaşdırmışdır. Olduqca mürəkkəb şəraitdə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının təşviqi isə bu baxımdan xüsusi qeyd edilməlidir. Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın firavanlığı naminə məqsədyönlü işlər görmüşdür. Müstəqillik illərində isə Ulu Öndərin zamanın çağırışlarına, milli-mənəvi dəyərlərə və dövlətçilik maraqlarına əsaslanan fəaliyyətini iki fərqli tarixi mərhələdə ayrıca dəyərləndirmək lazımdır. O, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olaraq blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq dirçəlişinə nail olmuşdur".

"Bu mərhələdə Onun liderliyi və xalqın dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması isə yeni və müstəqil Azərbaycan quruculuğunun əsaslarını formalaşdırmışdır. Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmini – 1993-2003-cü illəri əhatə edən dövr real dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılması ilə əlamətdardır. Bu mərhələyə nəzər yetirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qeyd etmişdir: “1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”. Əlbəttə, Heydər Əliyevin həmin dövrdə Azərbaycanı iqtisadi böhrandan, siyasi xaosdan qurtarması, Ermənistanın işğalçılıq müharibəsinin qarşısını alması, səmərəli xarici siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal iştirakını təmin etməsi müasir dövlətçilik tariximizin dönüş nöqtəsi olmuşdur",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə