BDU-da professor Dilarə Seyidzadə ilə görüş

Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən “Ulu Öndər xatirələrdə” layihəsinin növbəti qonağı tarix elmləri doktoru, professor Dilarə Seyidzadə olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə BDU-dan məlumat verilib.

Filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən görüşdə BDU-nun professor-müəllim və tələbə heyəti iştirak edib. Görüşün moderatoru, BDU-nun dosenti Məti Osmanoğlu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində universitetdə həyata keçirilən tədbirlərdən danışıb, Ümummilli Liderin zəngin irsinin daha dərindən öyrənilməsi istiqamətində görüşün əhəmiyyətini vurğulayıb.

BDU-nun rektoru Elçin Babayev çıxışında qeyd edib ki, Dilarə Seyidzadə uzun illər Ulu Öndər Heydər Əliyevin böyük idarəçilik və zəngin həyat təcrübəsinin şahid olub.

Sonra professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Ümummilli Liderin həyatı daim mübarizələrdə keçib və o, bu mübarizələrin hamısında qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

Dahi rəhbər Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib.

BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib.

İnteraktiv şəkildə keçən görüşdə professor Dilarə Seyidzadə müəllim və tələbələrin suallarını cavablandırıb.

Görüşdən sonra professor Dilarə Seyidzadə BDU-nun Heydər Əliyev Muzeyini ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə