Salonikidə Ümummilli Liderin 100 illik yubileyi münasibətilə fotosərgi...

Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş fotosərginin açılış mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə və “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən sərginin açılışına Azərbaycanın Yunanıstandakı səfirliyinin əməkdaşları, Türkiyənin Saloniki şəhərindəki Baş konsulluğunun və diplomatik korpusun nümayəndələri, eləcə də yerli ictimaiyyətin üzvləri qatılıblar.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Yunanıstanda ehtiramla anıldığını deyib, ölkəmizin tarixində önəmli yer tutan dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, respublikamızın hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə məlumat verib.

Ölkəmizin Yunanıstandakı müvəqqəti işlər vəkili Qafqaz Aslansoy çıxışında xalqımızın böyük oğlu, Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatı və fəaliyyəti, respublikamıza rəhbərlik etdiyi dövrlərdə, o cümlədən sovet illərində həyata keçirdiyi mühüm işlərdən, elm, təhsil, mədəniyyət, sosial və iqtisadi sahədə icra etdiyi mühüm layihələr nəticəsində ölkənin aqrar sənaye ölkəsinə çevrilməsindən danışıb. Diplomat dahi Liderin müstəqil Azərbaycana rəhbərliyi illərində birbaşa dəstəyi və təşəbbüsü sayəsində ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədar icra olunan beynəlxalq, regional layihələr nəticəsində dövlətin iqtisadi qüdrətinin möhkəmləndirildiyini vurğulayıb. O, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə dahi Liderin ideyalarının həyata keçirildiyini, 30 il işğal altında qalan vətən torpaqlarının uzaqgörən siyasət nəticəsində azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Türkiyənin Salonikidəki baş konsulu Serkan Gedik Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətlərinin bütün dünya üçün örnək olduğunu vurğulayıb. Diplomat Ulu Öndər Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkələrimiz arasında münasibətlərin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Tədbirdə Ümummilli Liderin 100 illik yubileyi münasibətilə AZƏRTAC tərəfindən hazırlanan, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra iştirakçılar fotosərgi ilə tanış olublar.

Sərgi ilə tanışlıqdan sonra iştirakçılar "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Salonikidə yerləşən qərargahını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə