Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir

Oktyabrın 31-də Xətai rayonunda icra hakimiyyətinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), YAP Xətai rayon təşkilatı və Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan edilib və bu çərçivədə silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin ayrı-ayrı sahələrinə diqqət yönəldilir. İcra başçısı Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən söz açıb, yürütdüyü uzaqgörən siyasətin uğurlu nəticələrini diqqətə çatdırıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü güclü, qüdrətli, qalib Azərbaycanın möhkəm bünövrəsini qoyub.

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov Ümummilli Lider Heydər Əliyevin geniş və çoxcəhətli fəaliyyətinin daha mühüm istiqamətlərinin birindən – xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı sahəsində gördüyü əvəzsiz işlərdən geniş bəhs edib. Vurğulayıb ki, bu gün Azərbaycan səhiyyəsinin beynəlxalq standartlara uyğun inkişafının əsasında məhz dahi şəxsiyyətin yaratdığı möhkəm təməl dayanır. İyunun 17-sinin ölkəmizdə Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir. Hazırda bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan səhiyyəsi bu gün yeni inkişaf dövrünü yaşayır.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqı dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin müstəqilliyini əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir. İllər bir-birini əvəzlədikcə bu xidmətin böyüklüyü daha aydın görünür, yüksək dəyərləndirilir. Ümummilli Liderin fəaliyyətinin yeni istiqamətləri araşdırılır, dahi rəhbərlə bağlı yeni nəşrlər çap olunur. Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha möhtəşəm qələbələrə doğru aparan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsini tarixə qovuşdurmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi.

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində atdığı addımlardan geniş bəhs edib. Bildirib ki, Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirilmiş, səhiyyə obyektləri şəbəkəsi genişləndirilmiş, yüzlərlə tibb müəssisəsinin yenidən qurulması, bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Bu gün Azərbaycana hansı sahədən baxsaq, Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin ölçüyəgəlməzliyini görərik.

Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Ədalət Abdullayev və Validə Vəliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan sevgisindən danışıblar. Bildirilib ki, dahi liderin hər bir addımının əsasında dövlətinə, xalqına bağlılıq dayanırdı. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək, bu gün qalibiyyəti ilə dünyaya səs salıb. Bu uğurun müəllifi Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.

Sonda Xətai rayonunun, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərman təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə