“Heydər Əliyev irsi, Qarabağ zəfəri” mövzusunda tədbir

Oktyabrın 16-da Bakıda “Heydər Əliyev irsi, Qarabağ zəfəri” mövzusunda tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunun videoçarx nümayiş etdirilib.

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva Azərbaycan xalqının böyük oğlu Ümummilli Lider Heydər Əliyevin zəngin həyat fəaliyyətindən danışıb. Ulu Öndərin bütün həyatını xalqımızın, dövlətimizin rifahına həsr etdiyini vurğulayaraq deyib: “1990-cı il noyabrın 17-də hələ sovet dövlətinin mövcud olduğu bir şəraitdə Heydər Əliyev cəsarət və qətiyyət göstərərək üçrəngli Bayrağımızı Naxçıvanda ucaltdı. Otuz üç ildən sonra Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə üçrəngli Bayrağımızı ucaltması bu qətiyyətin, cəsarətin davamıdır.

Prezident İlham Əliyevin Qarabağın fatehi kimi tarix yazdığını, ata vəsiyyətini yerinə yetirdiyini vurğulayan QHT sədri bildirib ki, vaxtilə Ulu Öndər Heydər Əliyev vaxtilə əlində xəritə dünyanı gəzərək Azərbaycanı təbliğ edirdi. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev isə ölkəmizi bütün dünyada tanıtdı, Qarabağımızı özümüzə qaytardı.

YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı üçün gördüyü işlər misilsizdir. Ümummilli Lider bizim üçün zəngin miras, irs qoyub gedib. Ölkəmizin müstəqilliyi, dövlətçiliyimiz, azərbaycançılıq ideologiyasını özündə ehtiva edən Ulu Öndərin irsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən möhkəm əsaslarla qorunur və uğurla davam etdirilir.

O, Ümummilli Liderin əsasını qoyduğu siyasətin, yarımçıq qoyduğu işlərin onun layiqli varisi tərəfindən müvəffəqiyyətlə başa çatdırıldığını deyərək bildirib: “Qarabağımızın işğaldan azad edilməsi bu arzuların fövqündə durur. Zəfəri ilə dünyaya səs salan və gündən-günə qüdrətlənən Azərbaycanın qarşısında daha böyük hədəflər var. 20 ildir Azərbaycan xalqının qəlbində taxt qurmuş Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu hədəflərə də çatacağıq”.

Milli Məclisin deputatı Jalə Əliyeva, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlili və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyev zəngin həyat fəaliyyətindən, Azərbaycan üçün gördüyü misilsiz işlərdən danışıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə