YAP Sabunçu rayon təşkilatı tədbir keçirib

Heydər Əliyev ideyaları əsasında inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Sabunçu rayon təşkilatı oktyabr ayının 12-də Bakı Gənclər Mərkəzində tədbir keçirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Partiyanın mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev vurğulayıb ki, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət edib. Heydər Əliyev həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparıb.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə söyləyib ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir dövlətə çevrilib. Bu, heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.

Digər çıxış edənlər bildiriblər ki, görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü əhatə edir. Vətəninə, xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri vardır. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib.

Ulu Öndərin xilaskarlıq missiyasından bəhs edən natiqlər qeyd ediblər ki, bu gün hər bir Azərbaycan gənci müstəqillik yolumuzun heç də hamar olmaması barədə aydın təsəvvürə malik olmalı, onlara əmanət edilən Heydər Əliyev irsini qorumalıdır.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə