"Heydər Əliyev -100: Qurtuluşdan Zəfərə gedən yol" adlı konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Heydər Əliyev -100: Qurtuluşdan Zəfərə gedən yol" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Uıu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndər Heydər Əliyevi iki bir-birinə zidd dövrün əsl qəhrəmanı kimi xarakterizə edib: "Azərbaycan onun rəhbərliyi ilə görünməmiş uğurlara, inkişaf və tərəqqiyə nail olub. Keçmiş sovet hakimiyyəti illərində Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyi ilə geridə qalmış kənd təsərrüfatı əyalətindən inkişaf etmiş sənayeyə malik qabaqcıl respublikaya çevrildi. Müstəqilliyin bərpasından sonra məhz Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda özbaşınalığa, xaosa, iqtisadi tənəzzülə son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı və yeni yüksəliş mərhələsinin əsası qoyuldu".

Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Ümummilli liderin özünün də dediyi kimi, "Azərbaycan dünyaya Günəş kimi doğub".

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov tədbirdə çıxış edərək Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dövrün Azərbaycan xalqının tarixi yaddaşında sabitlik və inkişaf mərhələsi kimi həkk olunduğunu dedi. Xüsusi vurğuladı ki, müasir Azərbaycan dövləti bu gün Heydər Əliyev ideyaları əsasında inkişaf edərək regionun lider dövlətinə, bütün dünyada öz iradəsini həyata keçirməyə qadir dövlətə çevrilib.

Konfransda çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun Baş direktoru, akademik Vaqif Abbasov bildirib ki, xalqımızın yaddaşında qurucu və xilaskar kimi qalan Ulu Öndər Heydər Əliyev ölkəmizdə neft-kimya sənayesinin, elmin inkişafına həmişə böyük qayğı ilə yanaşıb. Müdrik dövlət xadimi olan Heydər Əliyevin xalqımızı xilas yoluna çıxaran ideyaları Azərbaycan xalqının heç zaman dəyərini itirməyəcək əvəzolunmaz sərvətidir.

SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və Onun mənalı həyat yolu, zəngin, çoxşaxəli dövlətçilik fəaliyyəti barədə ətraflı danışıb.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri Fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə