YAP Yasamal Rayon Təşkilatında "Üç dəniz əfsanəsi" filminin təqdimatı keçirilib - FOTOLAR
Sentyabrın 29-da YAP Yasamal Rayon Təşkilatında “Üç dəniz əfsanəsi” filminin təqdimatı keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyi tərəfindən hazırlanan film müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Mövzuya gəlincə, Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqlini nəzərdə tutan marşrutlardan söz düşəndə ilk olaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin adı çəkilir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. Əgər Heydər Əliyev olmasaydı, “Əsrin müqaviləsi” layihəsi və BTC sadəcə kağız üzərində “üç dəniz əfsanəsi” kimi qalardı. BTC bir insanın vətəninin, xalqının gələcəyi naminə əzmkarlığının bariz sübutudur. Filmdə Heydər Əliyevin bu istiqamətdə titanik əməyindən söz açılır.
Filmin ssenarisi 3 istiqamət üzrə inkişaf edir:
- BTC-nin inşası ilə bağlı Heydər Əliyevin verdiyi qərar və həmin illərdəki mürəkkəb tarixi şərait diqqətə çatdırılır. Ümummilli lider xaricdən göstərilən təzyiqlərə rəğmən bu prosesdə Azərbaycanın milli maraqlarını necə qoruyub və əcnəbi konsorsiumların gözləntilərini puça çıxarıb?
- BTC marşrutunun seysmik və ekoloji “təhlükələri”, iqtisadi cəhətdən qeyri-rentabelliyi barədə ssenarilər haralarda yazılırdı və Heydər Əliyev müdrikliyi bu cəfəngiyatları necə alt-üst etdi? BTC-nin maliyyələşməsi müşkülünün pərdəarxası və onun həllini tapmasında Heydər Əliyev fenomeni tarixi faktlarla açıqlanır.
- Heydər Əliyevin memarı olduğu “Üç dəniz əfsanəsi”nin hazırki inkişafından və Ümummilli liderin bu unikal neft strategiyasının Qarabağ düyününün çözülməsində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edilir.
Filmdə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov, Azərbaycanın 1993-1998-ci illərdə xarici işlər naziri olan Həsən Həsənov və Türkiyənin ADCO neft qatqıları şirkətinin rəhbəri Selçuk Akat öndərinə dair xatirələrini səmimi şəkildə tamaşaçılarla bölüşürlər.
“Üç dəniz əfsanəsi” sənədli filminin ideya müəllifi Ülviyyə Abdullayeva, ssenari yazarı İlhamə Novruzova, aparıcısı Xanım Daşdəmirova, quruluşçu rejissoru Əlihüseyn Məlikov, prodüseri Firuzə Cəlilova, məsləhətçisi Mehriban Alışanovadır.
Təqdimat mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva, Yasamal rayon İcra başçısı Elşad Həsənov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev, millət vəkilləri Sadiq Qurbanov, Vüqar İskəndərov, Məzahir Əfəndiyev, Jalə Əhmədova, İlham Məmmədov və bir sıra ictimai xadimlər, media mənsubları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə