“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Xocavənd rayon təşkilatı “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.
Mədəniyyət evində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaranmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən onun hər kəsə Vətəni sevməyi öyrətməsi xüsusi vurğulanır, çünki atılan bütün addımların əsasında dövlət, xalq sevgisi, Ulu Öndərin canından artıq sevdiyi Azərbaycanın imzasını imzalar arasında görmək istəyi dayanırdı.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu çıxışında bildirib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi onların mənsub olduqları xalqın, yaratdıqları dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev gərgin fəaliyyəti və müstəsna xidmətləri ilə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib ki, Ümummilli Lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi keçmiş Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur.
Digər çıxış edənlər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər birimizin qürur mənbəyi olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə