Toyuq əti hansı hallarda zərərlidir? - EKSPERT AÇIQLADI

Toyuq əti gündəlik qidalanmada geniş istifadə olunan və bir çox faydalı xüsusiyyətlərə malik olan məhsullardan biridir. Lakin düzgün saxlanılmadıqda, hazırlanmadıqda və ya gigiyenik qaydalara əməl olunmadıqda bu faydalı qida sağlamlıq üçün təhlükəli hala gələ bilər.

Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, toyuq əti qida rasionumda ən çox istifadə etdiyimiz ətdir:

"Həm qiymət baxımından nisbətən ucuzdur, həm də dadlı və zülalla zəngindir. Eyni zamanda ən riskli qidalardan biridir. Çünki onun üzərində zərərli bakteriyalar tez çoxalır. Toyuq düzgün saxlanmasa, yaxşı bişirilməsə zəhərlənmə yarada bilər. Ən çox problem isə yanlış şəkildə əridilən, yəni donu açılan toyuqdan yaranır. Toyuqda bakteriyalar əsasən isti mühitdə çoxalır. 5°C ilə 60°C arası ən təhlükəli temperatur sayılır. Bu şəraitdə bakteriyalar çox qısa vaxtda sürətlə artır. Toyuq bişiriləndə onun içi tam bişməlidir. Ətin ən qalın hissəsi yaxşıca bişməsə, bakteriyalar sağ qalır və orqanizmə daxil olur. Mətbəxdə ən çox etdiyimiz səhvlərdən biri toyuğu yumaqdır. Bu hal bakteriyaları ətrafa yayır. Su damcıları ilə mikroorqanizmlər mətbəxdə hər yerə sıçrayır. Çiy toyuqla işlədikdən sonra eyni taxtada tərəvəz doğramaq olmaz. Belə olduda çarpaz çirklənmə yaranır. Ayrı bıçaq və kəsim taxtası istifadə etmək lazımdır. Dondurulmuş toyuğu otaq temperaturunda açmaq təhlükəlidir. Ən düzgün üsul onu soyuducuda yavaş-yavaş əridməkdir. Toyuğu soyuducuda saxlayanda ən alt rəfə qoymaq lazımdır. Belə etdikdə onun suyu digər qidalara keçmir. Marketdə toyuq alarkən rənginə və qoxusuna baxmaq vacibdir. Normal ət çəhrayı olur. Pis qoxu, ya boz rəng təhlükə əlamətidir. Ət çox sürüşkəndirsə və yapışqandırsa, bu da yaxşı əlamət deyil. Həmçinin paketdə çox buz, ya su varsa, deməli məhsul düzgün saxlanmayıb. Toyuqdan zəhərlənmə əlamətləri bir neçə saat sonra ortaya çıxır. Ürəkbulanma, ishal və qızdırma ola bilər. Belə halda vaxt itirmədən həkimə müraciət etmək lazımdır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə