MGH-də “İnsan papilloma virusu: müalicə və diaqnostika” mövzusunda seminar keçirilib

25 aprel 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “İnsan papilloma virusu: müalicə və diaqnostika” mövzusunda elmi seminar təşkil olunub. SİA xəbər verir ki, seminarın əsas məqsədi dünya üzrə geniş yayılmış və ciddi sağlamlıq problemlərinə yol aça bilən insan papilloma virusu (HPV) haqqında həkim və rezidentlərin məlumatlandırılması, virusun profilaktikası, diaqnostikası və müalicə yolları barədə bilik və bacarıqlarının artırılması olub.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova geniş təqdimatla çıxış edərək HPV infeksiyasının müxtəlif növləri, virusun yoluxma yolları, risk faktorları, klinik təzahürləri, laborator və instrumental diaqnostika üsulları barədə ətraflı məlumat verib. O, həmçinin virusun səbəb olduğu dəri və selikli qişa zədələnmələri, genital ziyillər və bəzi hallarda onkoloji risk daşıyan dəyişikliklər barədə elmi əsaslara söykənən faktlarla bağlı auditoriyanı məlumatlandırıb.
Seminarda HPV-nin profilaktikası məqsədilə peyvəndləmə strategiyaları, immun sisteminin gücləndirilməsi və erkən diaqnostikanın əhəmiyyəti də vurğulanıb. Dr.Sevinc Kərimova müasir dermatoloji və ginekoloji praktikada tətbiq edilən müalicə protokolları, dərman terapiyası və prosedur müdaxilələrə dair praktiki nümunələr də təqdim edib. Təqdimatdan sonra seminar iştirakçıları ilə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi həyata keçirilib.

"Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən mütəmadi olaraq təşkil olunan bu seminarların məqsədi həkim-rezidentlərin biliklərinin artırılmasına, əldə etdikləri biliklərin təcrübədə tətbiqinə, qabaqcıl tibbi yanaşmalarla tanış olmalarına və peşəkar inkişaflarına davamlı töhfə verilməsi məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə