Mərkəzi Gömrük Hospitalında Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

Mərkəzi Gömrük Hospitalında Türkiyənin aparıcı səhiyyə müəssisələrindən biri olan Florence Nightingale Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d. Ceyhun Məmmədov, idarə rəisinin müavinləri – t.ü.f.d. dosent İsmayıl Əfəndiyev və Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Qrupun Prezidenti, İdarə Heyətinin sədri Cəmşid Dəmiroğlu, Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə və Beynəlxalq Əlaqələrin İnkişafı üzrə menecer Cen Dəmiroğlu iştirak ediblər. Görüş iştirakçılarını salamlayan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Florence Nightingale Xəstəxanalar Qrupunun nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. İdarə rəisi Ceyhun Məmmədov Florence Nightingale Xəstəxanalar Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən qarşılıqlı elmi-praktiki tədbirlərin, müştərək elmi-tədqiqat işlərinin, simpoziumların, ixtisasartırma kurslarının, xeyriyyə aksiyalarının əhəmiyyətindən danışaraq, bu faydalı əməkdaşlığın bundan sonra da tibbin inkişafına töhfə verəcəyini vurğulayıb. Görüş zamanı tərəflər arasında səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tibbi təcrübə mübadiləsinin təşkili, həmçinin yüksək ixtisaslı tibbi xidmətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb, gələcək əməkdaşlığın mümkün istiqamətləri üzrə ilkin razılıqlar əldə olunub.

Tədbirin sonunda Florence Nightingale Xəstəxanalar Qrupunun nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalının müxtəlif struktur bölmələri ilə yaxından tanış olaraq, hospitalın klinik imkanlarını yüksək qiymətləndirib və gələcək əməkdaşlığın potensialına dair müsbət təəssüratlarını bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə