Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 100 illiyi silsilə tərdbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının tarixini bundan sonra Balaxanı hasilat ərazisində bir əsrlik yaşı olan neft quyusu adında əks etdirəcək. SİA xəbər verir ki, “ADNSU-100’ adlanan quyu barədə sertifikatı “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev ADNSU rektoru, dosent Rüfət Əzizova təqdim edib. “Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev “Neft sənayesinin dayanıqlı gələcəyi: istiqamətimiz haradır?” mövzusunda fikirlərini bölüşüb. O, çıxışı zamanı Ulu Öndərin təhsil aldığı, Xoşbəxt Yusifzadə və çoxlu sayda digər tanınmış məzunları olan ADNSU-nun yetişdirdiyi mütəxəssislərin Vətənimizin enerji sektorunu yaradanları olduğunu bildirib. 4-cü Sənaye İnqilabı dövründə dayanıqlılıq standartlarını yüksəltməyə çalışan hasilat şirkətlərinin bu gün yeni təfəkkürlü, innovativ, bilikli gənclərə böyük ehtiyacı var: “Enerji sərvətlərimizin işləniməsi məsuliyyətli və dayanıqlı şəkildə aparılmalıdır ki, Azərbaycanın rifahına və qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam etsin. Balaxanı Əməliyyat Şirkəti ADNSU ilə əməkdaşlıq quraraq, sinif otağı ilə sənayeni biri-birinə yaxınlaşdırıb, qarşılıqlı şəkildə yeni ideya və inovativ təcrübələrlə çıxış edib ölkəmizin neft və qaz hasilatının dayanıqlılıq erasını birgə quracaq. ”
ADNSU rektoru, dosent Rüfət Əzizov isə dioqqətə çatdırıb ki, tarixi bir əsri aşan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksək potensiala malik təhsil ocağı olmaqla yanaşı, sənayeyə ən yaxın ali təhsil müəssisələrindən biridir. O, bildirib ki, bugünkü tədbirdə təmsil olunan hər iki təşkilat üçün insan kapitalının formalaşması, xalqa, dövlətə xidmət əsas hədəflərdəndir. Bu baxımdan şirkətlə təhsil müəssisəsi arasında qurulan əməkdaşlıq müsbət nəticə verəcək: “Əməkdaşlığımızda üç ümumi istiqamət vacibidir - müasir iş mühitinə uyğun kadrlar yetişdirmək üçün təhsil və tədqiqat proqramlarının həyata keçirilməsi, sənayenin təcrübəsindən istifadə edərək ADNSU tələbəsinin təhsildə keçirdiyi hər gününə praktiki faydanın qatılması, ekoloji mühafizə və dayanıqlılıq naminə elmə əsaslanan innovativ həll yollarının birgə işlənilməsi.” Tədbir çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra ADNSU-nun rektoru “Balakahni Operating Company LTD”-nin prezidenti Rövşən Rzayevə “ADNSU-nun 100 illiyi Yubiley medalı”nı təqdim edib. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.
ADNSU-dakı “Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetə gələn qonaqlar Azİİ e-Kitab Evi və Tarix muzeyində olublar, Türkiyə-Azərbaycan Dostluq Mərkəzi və Şəhidlər üçün ucaldılmış Abidə kompleksini ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə