Tibb müəssisələrində iş yerini evə yaxınlaşdıran yeni layihənin icrasına başlanılıb
İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki işçilərin əmək şəraitinin yaxşılaşdırılması və kadr resurslarının səmərəli idarə olunması məqsədilə TƏBİB tərəfindən yeni layihənin icrasına başlanılıb. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.
Belə ki, layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərin qeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub.
"İşçilərin məmnunluq səviyyəsinin artırılmasına və iş effektivliyinin yüksəldilməsinə hədəflənən “Evimə yaxın iş” layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində (Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri) çalışan tibb və qeyri-tibb işçilərinin faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı verilir", - məlumatda bildirilib.
Qeyd olunub ki, onlayn anket formalarına öz məlumatlarını və istəklərini daxil etməklə əməkdaşlar qeydiyyatdan keçə bilər:
"Növbəti mərhələdə müraciətlər TƏBİB tərəfindən dəyərləndirilir və əldə olunan nəticəyə dair Bakı Baş Səhiyyə Mərkəzinə müvafiq məlumatlar təqdim edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə