Yeni doğulan uşaqları bələmək lazımdır? - HƏKİM DANIŞDI

“Pediatrlar yenidoğulmuş körpələrin bələnməsini bir çox səbəbə görə tövsiyə etmirlər”. Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Səbinə Məmmədova deyib.

Onun sözlərinə görə, əsas səbəblər bunlardır:

1. Skelet və əzələ inkişafına maneə – Sıx bələnmə körpənin təbii hərəkətlərini məhdudlaşdırır və bud-çanaq displaziyasına (oynaq problemlərinə) səbəb ola bilər.

2. İstilik tənzimlənməsinin pozulması – Körpələr bələndikdə həddindən artıq istilənə bilər ki, bu da bədən temperaturunun təhlükəli səviyyədə artmasına səbəb ola bilər.

3. Tənəffüs problemləri – Sıx bələnmiş körpələrdə tənəffüs yollarına təzyiq ola bilər və bu, oksigen qəbulunu azalda bilər.

4. SIDS (Birdən-birə beşik ölümü sindromu) riski – Xüsusilə, üzü aşağı və ya yan yatdıqda, bələnmiş körpələrdə bu risk arta bilər.

Pediatrların analara əsas məsləhətləri:

Körpəni sərbəst geyindirin – Təbii hərəkətlərinə mane olmayan rahat və yüngül paltarlar seçin.

Bud-çanaq sağlamlığına diqqət edin – Körpənin ayaqlarını sərbəst hərəkət etdirməsinə imkan yaradın.

Güvənli yuxu mühiti yaradın – Körpəni arxası üstə yatırdın, çarpayısında yastıq, ağır yorğan və ya yumşaq oyuncaqlar olmasın.

Bədən istiliyini nəzarətdə saxlayın – Çox qalın geyindirməyin və otaq temperaturunu normal saxlayın (20-22°C).

Dərinin nəfəs almasına icazə verin – Yumşaq və pambıq materiallardan istifadə edin ki, dərisi rahat nəfəs ala bilsin.

Bəzi hallarda, körpəni rahatlaşdırmaq üçün yumşaq və geniş bələməyə icazə verilir, lakin bu zaman ayaqları sərbəst olmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə