"Ölkə səhiyyəsinə vəsait qoyuluşu da ilbəil dinamik olaraq artır" - Əhliman Əmiraslanov

"Prezident İlham Əliyevin dəstəyi, qətiyyəti və qayğısı sayəsində Azərbaycan səhiyyəsində ciddi islahatlar həyata keçirilir. Səhiyyəmizin maddi texniki bazası, kadr potensialı genişlənir, dövlət proqramlarının genişləndirilməsi istiqamətində təsirli tədbirlər görülür və nəhayət, ölkəmizdə icbari tibbi sığorta bütövlükdə həyata keçirilir". SİA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov yanvarın 30-da keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, ölkə səhiyyəsinə vəsait qoyuluşu da ilbəil dinamik olaraq artır: "Beş il bundan öncə Azərbaycan səhiyyəsinə vəsait qoyuluşu 80 milyon manat civarında idi. 2025-ci ildə İcbari Tibbi Sığorta Fondunun vəsaitləri də nəzərə alınsa, bu rəqəm üç milyarda çatıb. Bütün bu görülən və həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin həm keyfiyyətində, həm də kəmiyyətində ciddi yüksəliş müşahidə olunur.

Ölkəmizdə icbari tibbi sığorta uğurla həyata keçirilir. İcbari tibbi sığortadan məmnunluq insanlar arasında get-gedə artır. İcbari tibbi sığorta zərfi mütəmadi olaraq genişləndirilir. Ən mürəkkəb və maliyyə tutumlu müayinələr və müalicələr icbari tibbi sığorta ilə qarşılanır. Sevindirici haldır ki, bu ildən ambulator müalicə alan xəstələrin dərman vəsaiti ilə təchizatı da icbari tibbi sığorta ilə qarşılanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə