TƏBİB beynəlxalq sertifikasiyadan keçəcək

TƏBİB tabeli bir sıra tibb müəssisələrinin (mərkəz və şöbələrinin) insult üzrə beynəlxalq sertifikasiyası həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmr imzalayıb.

Məqsəd ölkədə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsidir.

Qeyd olunub ki, artıq bu istiqamətdə hazırlıq işlərinin görülməsi, tibb müəssisələrinin fəaliyyətinin və təşkilati strukturunun qiymətləndirilməsi, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması işlərinə başlanılıb.

İlkin mərhələdə Yeni Klinika ixtisaslaşmış insult mərkəzi olmaqla, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ilkin səviyyədə sertifikatlaşdırılma prosesinə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu sertifikasiya Ümumdünya İnsult Təşkilatının əsas meyarlarına uyğun olaraq müəyyənləşdirilir.

Dünya statistikasına əsasən, insult hər il 15 milyondan çox insanın ölmünə səbəb olur. Hər üç saniyədə bir nəfərin insult keçirməsi ilə bu xəstəlikdən ölüm faizi ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yerdə qərarlaşır. İnsult, həmçinin əlillik ilə nəticələnən xəstəliklər arasında da ilk sıralardadır.

Gələcəkdə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi prosesinin genişləndirilməsi və bu istiqamətdə sertifikasiyaya cəlb olunan tibb müəssisələrinin siyahısının artırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə