10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Türkiyənin “Florence Nightingale Healthcare International Group”un təşkilatçılığı və “Abbott” şirkətinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans həyata keçirilib. SİA xəbər verir ki, ilk öncə tədbir iştirakçıları və rəsmi qonaqlar Fəxri Xiyabanı ziyarət edib və Ümummilli Lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir iştirakçıları və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar.
“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayıb, hər kəsi Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, “Florence Nightingale Healthcare International Group”-un icraçı direktoru Sinan Nazif Aran, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov çıxış ediblər.
Daha sonra Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı, Mircəlal Kazımi “Solid orqan transplantasiyasının inkişaf perspektivləri” mövzusunda konseptual təqdimatla çıxış edib. Tədbirin rəsmi açılış mərasimi bədii hissə ilə başa çatıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Esmira Həsənova, MedEra Hospitalının həkim-infeksionisti Azər Nağıyev, “Florence Nightingale Healthcare International Group”-un ümumi cərrahı Remzi Emiroğlu, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov, Mərkəzi Klinikanın Orqan və toxumaların transplantasiyası şöbəsinin ümumi cərrahı, transplantoloqu Tariyel Nadirov, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Mircəlal Kazımi, Mərkəzi Gömrük Hospitalının nefroloqu Elnur Fərəcov, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzinin rəisi, t.e.d. Rəşad Şolan, Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov, “Florence Nightingale Healthcare International Group”-un nefroloqu Ayşe Sinangil və Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva müxtəlif mövzular ətrafında məruzələrlə çıxış ediblər.
"Azərbaycanda orqan transplantasiyasının təşkilində dünya təcrübəsinin tətbiqi”, “Qaraciyər transplantasiyası: təcrübə, çağırışlar və perspektivlər” və “Böyrək transplantasiyası: müasir yanaşmalar və gələcək imkanlar” mövzusunda 3 paneldən ibarət Beynəlxalq elmi konfransda – ümumilikdə 13 məruzə dinlənilib, orqan transplantasiyası sahəsində baş verən müasir çağırışlar, son tədqiqatların nəticələri, o cümlədən inkişaf istiqamətləri müzakirə edilib, yerli və beynəlxalq mütəxəssislərarası bilik və təcrübə mübadiləsi aparılıb.
Konfrans panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə həyata keçirilib. Proqramı tamamlayan hər bir iştirakçıya 7 DTT balı və sertifikat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə