Vərəm Dispanserinin keçmiş şöbə müdirinə bəraət verilib

4 saylı Vərəm Dispanserinin qəbul şöbəsinin keçmiş müdiri Səadət Məmmədovanın barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. SİA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilib. Belə ki, onun Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) təqsirləndirilməsinə dair Nizami Rayon Məhkəməsinin hökmü ləğv edilib və sözügedən maddə üzrə ona bəraət verilib.

Həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv edilib.

İttihama görə, Səadət Məmmədova vətəndaşdan pul alaraq 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyinə söz verib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının üzvlərinin tanıdığını bildirməklə vətəndaşları aldatmaqda təqsirli bilinmişdi.

Nizami Rayon Məhkəməsinin hökmü ilə dəymiş zərərin müəyyən hissəsini ödədiyinə görə, ittiham olunduğu 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) dair hissədə cinayət işinə xitam verilib.

Səadət Məmmədova digər maddə ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə yanaşı, 2 min manat da cərimə edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə