Kəmaləddin Heydərov Pakistanın Azərbaycandakı səfiri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu xatırladıb. Bu çərçivədə, nazir keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əməkdaşlığın inkişafına mühüm töhvə verəcəyinə əminliyini ifadə edib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri barədə qonağa geniş məlumat verən nazir 13 yanvar 2021-ci il tarixində İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən danışıb, uyğun qurumlar arasında münasibətlərin, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Pakistan İslam Respublikasının müvafiq tədris müəssisələri arasında əməkdaşlığın perspektivlərinə toxunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin dərin köklərə malik Azərbaycan-Pakistan qardaşlıq münasibətləri çərçivəsində iki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə