Azərbaycanın TIMSS 2023 (Riyaziyyat və Təbiət Elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri üzrə göstəriciləri açıqlanıb. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan 4-cü sinif riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Təbiət elmləri üzrə nəticə isə 422 bal olub. Bu nəticələr ötən tədqiqat dövrü ilə müqayisədə daha aşağıdır. Azərbaycanın 4-cü sinif üzrə riyaziyyat nəticələri Fransa, Belçika (Fransız), Yeni Zelandiya, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yaxşı olub.
Azərbaycanın 8-ci sinif üzrə tədqiqatda ilk dəfə iştirak edən şagirdləri riyaziyyat fənni üzrə 479 balla 44 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bununla Azərbaycanın riyaziyyat fənni üzrə nəticəsi iştirakçı ölkələrin ortalamasından yüksək olub. Bu nəticə Portuqaliya, Gürcüstan, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yuxarıdır. 8-ci sinif üçün təbiət elmləri üzrə nəticə isə 411 bal təşkil edib. Təbiət elmləri üzrə nəticə isə ortalamadan aşağı olub.
Nazirliyin məlumatında qeyd edilib ki, Təhsil İnstitutu tərəfindən nəticələrin ilkin təhlili onu göstərir ki, həm 4-cü, həm də 8-ci sinifdə şagirdlər bilik əsaslı suallara daha yaxşı cavab verdiyi halda onların çoxu tətbiqetmə və əsaslandırma bacarıqları tələb edən suallarda çətinlik çəkiblər. Şagirdlər həm riyaziyyat, həm də təbiət elmləri üzrə qapalı tipli test tapşırıqlarına daha yaxşı cavab verdikləri halda açıq tipli suallarda aşağı nəticə göstəriblər.
"Təhsil İnstitutu tərəfindən TIMSS 2023 nəticələrinin ətraflı təhlili aparılaraq tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər və iş planı hazırlanacaq", - deyə məlumatda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə