“Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra elm sahəsində də böyük uğurlara imza atdı. Doğrudur, tarix sahəsində vaxtilə yəni, 70 illik Sovet dönəmində yazılarınların əksəriyyətindən imtina etməli olduq. Bununla yanaşı tarix sahəsində elmi həqiqətləri bərpa etmək üçün arxiv sənədləri dövriyyəyə cəlb edildi. Beləliklə vaxtilə müstəqil Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı ilə bağlı mövcud olan konsepsiyadan imtina olundu və işğal konsepsiyası tarixi ədəbiyyata gətirildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, 1918-ci ilin mart soyqırımı ilə bağlı 70 il ərzində yazılanlardan imtina olundu və əslində 1918-ci ildə Azərbaycanda vətəndaş müharibəsi yox, Azərbaycan xalqına qarşı soyqırımın həyata keçirilməsi elmi əsaslarla dövriyyəyə gətirildi: “1918-1920-ci illərdə 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ən böyük hadisə olması ilk dəfə olaraq elmi ədəbiyyata gətirildi. 1918-1920-ci illərlə bağlı Sovet dönəmində yazılanlardan imtina olundu. 1920-ci ilin aprel ayında XI ordunun Azərbaycana xoşbəxtlik yox, müstəqil Azərbaycanı işğal edən bir ordu kimi tarixə düşdü. Beləliklə, Sovet dönəmindəki əsası olmayan tarixdən imtina olundu və tarix elmi mənbələr əsasında yazıldı. Buna görə də hər bir elm sahəsində yeni tədqiqat sahələrinin gəlməsi, yeni tədqiqatların ortaya çıxması Azərbaycan elminin qarşısında duran ən mühüm vəzifələrdən biri oldu.
Azərbaycandan kənarda da elmi məqalələrin və monoqrafiyaların çap olunması Azərbaycan alimlərinin qarşısında duran əsas məsələlərdən biridir. Xüsusilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan torpaqlarının 20 faizinin işğal etdikdən sonra Azərbaycan tarix elminin qarşısında duran ən mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun tarixi Azərbaycan torpağı olmasını sübut etmək və bu istiqamətdə elmi məqalələrin dünyanın müxtəlif nüfuzlu jurnallarında çap olunması idi. Təəssüflər olsun ki, ermənilərin havadarları çox olduğundan bəzən bu məqalələr qəbul olunmur, bəzən gecikdirilir, bəzən də ermənilərin xeyrinə dəyişdirilməyə cəhd edilirdi. Lakin bütün bunlara baxmayaraq ölkə rəhbərinin də dediyi kimi 44 günlük Vətən müharibəsində qalib gəlməsinin dörd şərtindən biri də Qarabağ probleminin tarixiliyinin dünyaya çatdırılması oldu. Bu istiqamətdə kifayət qədər məqalələr yazıldı və dünya dillərində çap olundu. Bununla tarixi həqiqət öz yerini tapdı. Uzun illər Azərbaycan alimləri dünyanın nüfuzlu nəşrləri ilə əməkdaşlıq edə bilməsələr də, artıq bu istiqamətdə ciddi addımlar atılıb. Lakin bu uğurlar da bizi qane etmir, bu istiqamətdəki işlərimizi artırmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə