Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisi keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev forumun məqsədi barədə məlumat verib. Bildirib ki, “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır. Nazir müavini təhsil ilə əmək bazarı arasında daha interaktiv əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. Bildirib ki, gənclər gələcəyin tələblərinə uyğun məqsədlər müəyyən etməlidirlər.
Milli Observatoriyanın direktoru Elnur Səfərli tədbir iştirakçılarına SABAH qruplarının 10 illik statistik göstəriciləri barədə məlumat verib. O bildirib ki, SABAH qruplarının məşğulluq göstəriciləri ölkə üzrə 86 faiz, məzunların orta əməkhaqqı isə 1250 manatdan yüksəkdir.
Tədbirdə çıxış edən UNEC rektoru Ədalət Muradov SABAH qruplarının ali təhsil sistemində innovativ model kimi rolunu vurğulayıb. O bildirib ki, UNEC-də SABAH məzunlarının 100 faizi işlə təmin olunur.
Forum çərçivəsində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı baş tutub, SABAH karyera sərgisi keçirilib.
Daha sonra SABAH məzunları “TEDx” formatında çıxışlar ediblər, intellektual yarışlar təşkil olunub.
İki gün davam edəcək forumun ilk günündə “SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi”, “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-sənaye əməkdaşlığı” mövzusunda panel sessiyaları təşkil edilib.
Forumun ikinci günündə isə “Liderlikdə vizyon və strategiya: uğurun açarı” panel sessiyasında müzakirələr aparılacaq.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin formalaşdırılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə