“Təhsilin inkişafı üçün elə bir model tətbiq edilməlidir ki, bütün təhsil müəssisələrində verilən informasiya bütün təhsilalanlar üçün uyğun olsun. O cümlədən təhsilverənlər də həmin proqramı tətbiq etməklə bağlı çətinlik çəkməməlidirlər. Biz bu çətinliklə kurikulumun tətbiqində də rastlaşdıq”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, 2008-2009-cu ildən etibarən kurikulum tətbiq edilməyə başladı və nəticə etibarı ilə bu barədə biliyə sahib olmayan təhsilverənlərin böyük əksəriyyəti çətinliklə üzləşdilər: “Hazırda da bu çətinlikləri müşahidə edirik. Hər hansı proqramı tətbiq etməzdən öncə onunla bağlı mütəxəssislər hazırlanmalı, daha sonra proqramın tətbiqinə başlanılmalıdır. Hazırda ölkəmizdə beynəlxalq səviyyədə tətbiq olunan təhsil proqramları mövcuddur. Bu proqramlar müxtəlif məktəb və ali təhsil müəssisələrində tətbiq olunur. Amma ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin böyük əksəriyyətində adətən kurikulum tədris metodundan istifadə olunur. İstənilən halda əsas məqsədimiz kadr hazırlığını həyata keçirib, daha sonra proqramın tətbiqinə başlamaq olmalıdır. Çünki belə olan halda tətbiq olunan proqram öz nəticəsini daha yaxşı formada göstərəcək.
Kurikulumu 2008-2009-cu illərdə tətbiq etməyimizə baxmayaraq bu proqramın bəhrəsini 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul olub və 2023-cü ildə təhsilini başa vuran mütəxəssislərin əmək fəaliyyətinə başlaması zamanı gördük. Lakin kurikulumun tətbiqindən sonra hansı nəticələri əldə etməyimizi hələ 2027-ci ildə öyrənmiş olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə