Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində dəyirmi masalar təşkil edəcək

Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində dəyirmi masalar təşkil edəcək. Nazirlikdən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, COP29 çərçivəsində sessiyalarda “Təhsilin yaşıllaşdırılması, iqlim dayanıqlılığı və beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” (COP29 Roundtable on Greening Education and enhancing environmental literacy metric through international assessments) mövzusunda dəyirmi masa təşkil olunacaq.

Noyabrın 18-də Mavi Zonada təhsil nazirləri səviyyəsində nəzərdə tutulan tədbirdə BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu “Yaşıl təhsil tərəfdaşlığı” (Greening Education Partnership) təşəbbüsünün illik iclasının da keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması (greening education), “Hər bir şagirdi iqlim dayanıqlığına hazır vəziyyətə gətirmək” (Get every learner climate-ready) məqsədilə bütün maraqlı tərəflərin cəlb olunduğu müzakirənin keçirilməsi təşəbbüsü ilə çıxış edir. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqları, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirir.

Eyni zamanda, təhsildə ölçmə və qiymətləndirmənin vacibliyini nəzərə alaraq, OECD ilə əməkdaşlıq çərçivəsində 2029-cu ildə keçiriləcək növbəti Beynəlxalq Şagird Qiymətləndirilmə Proqramı (PISA) çərçivəsində iqlim savadlılığına dair səriştə əsaslı yeni ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması nəzərdə tutulur. Təşəbbüs iqlim savadlılığı və bu sahədə bacarıqları bütün PISA qiymətləndirmə meyarlarına (oxu, riyaziyyat, elm) inteqrasiya etməklə təməl öyrənmənin iqlim dayanıqlılığına uyğunlaşdırılmasını özündə əks etdirir.

Noyabrın 18-də “QS ranking”lə əməkdaşlıq çərçivəsində COP29-da davamlılıq reytinqinin (sustainability ranking) açıqlanması təşəbbüsü ilə “İnsan kapitalı” tematik günündə baş tutması gözlənilən tədbirə yerli və xarici universitetlərin dəvət olunması və dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.

Sözügedən tarixdə Sumqayıt Dövlət Universiteti və Oksford Universiteti ilə əməkdaşlıq çərçivəsində beynəlxalq “iqlim yarışının” final mərhələsinin keçirilməsi və qaliblərin mükafatlandırılması, eyni zamanda, yerli və xarici ekspertlərin iştirakı ilə panel müzakirəsinin təşkil olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə