DİM-də şəhid övladları ilə görüş keçirilib - YENİLƏNİB - FOTOLAR

31 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşün keçirilməsində məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərmək və onlara mənəvi dəstək verməkdir.

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunmuş görüşdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və Bakı, Abşeron, Sumqayıt məktəblərinin IX-XI siniflərində təhsil alan 70-dən çox şəhid övladı iştirak edib.

Görüşdən əvvəl şagirdlər DİM-də yaradılmış muzeylə tanış olublar. Daha sonra Mərkəzin əməkdaşları tərəfindən iştirakçılar üçün “Psixoloji maarifləndirmə və erkən yaşda peşə seçimi haqqında təqdimat” nümayiş etdirilib. Tədbirdə iştirak edən şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan dərs vəsaitləri (test topluları, fənlər üzrə qiymətləndirmə tapşırıqları) hədiyyə edilib. Həmçinin DİM-in regional bölmələri vasitəsilə müxtəlif rayonlar üzrə də 100-dən artıq şagirdə imtahana hazırlaşdıqları fənn və ixtisas qruplarına uyğun 820, respublika üzrə ümumilikdə 1370 dərs vəsaiti təqdim edilib.

Görüşün rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması və ordumuzun qəhrəmanlığı haqqında danışıb, həmçinin şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs edib. Sədr həmçinin 2021-ci ilin sonlarından etibarən DİM və YAŞAT Fondu arasında imzalanan Memorandum çərçivəsində şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakı ilə Bakıda və regionlarda həyata keçirilən tədbirlər, buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərə göstərilən elmi-metodiki, həmçinin psixoloji dəstək xidmətləri haqqında məlumat verib. M.Abbaszadə qeyd edib ki, bu müddət ərzində YAŞAT Fondunun DİM-ə təqdim etdiyi siyahıya uyğun olaraq respublikamızın əksər şəhər və rayonlarında görüşlər təşkil olunub və şəhid övladları və qazilərə ümumilikdə 5 mindən artıq vəsait hədiyyə edilib.

YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov Vətən müharibəsi iştirakçılarının təhsilinə dövlət tərəfindən göstərilən diqqət və Dövlət İmtahan Mərkəzi ilə birlikdə görülən işlər haqqında danışıb.

Məlumat üçün bildiririk ki, bundan sonra da Dövlət İmtahan Mərkəzi tərəfindən analoji tədbirlərin təşkil olunması və bu istiqamətdə görüşlərin keçirilməsi davam etdiriləcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə