Ağcabədidə müsabiqə keçirilib - FOTO

Oktyabr ayının 19-da “Azərbaycan İntellektual Klublar Assossasiyası”nın idarəçiliyi və YAP Ağcabədi rayon təşkilatının təşəbbüsü ilə rayonun Bayraq muzeyində Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunun “E” qrupunda seçmə mərhələnin oyunları keçirilib. SİA xəbər verir ki, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov tədbirin açılışında çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu il noyabr ayında isə COP29 kimi mötəbər bir tədbirə Azərbaycan ev sahibliyi edəcək. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə ilin əvvəlindən başlayaraq bir çox tədbirlər keçirilmiş və hazırda bu tədbirlər davam edir.

Bu gün isə Ağcabədidə “Nə? Harada? Nə zaman?” intellektual oyununun seçim mərhələsində 11 rayonun - Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Naftalan, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Goranboy və Laçın rayonlarının komandaları mübarizə aparacaqlar.

Tədbirin ev sahibi olaraq tərəfimizdən hazırlıq işləri lazimi səviyyədə təşkil edilmişdir. Əsasnaməyə müvafiq olaraq 11 komanda arasında ən yüksək xal toplayan 3 komanda finala vəsiqə qazanacaq.

N.Bünyatov yarış iştirakçılarına uğurlar arzulayıb.

3 turdan ibarət keçirilən müsabiqədə Goranboy rayonunun komandası I yerə, Bərdə rayonunun komandası II yerə, Füzuli rayonunun komandası III yerə layiq görülüb.

Ümumilikdə, Respublikanın 8 şəhərində keçirilən seçmə yarışlarında qalib gəlmiş 24 komanda noyabr ayında Bakı şəhərində Gülüstan sarayında final yarışlarına qatılacaqlar.

Sonda yarış iştirakçıları xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə