“Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 19-da saat 15:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. SİA xəbər verir ki, beynəlxalq konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçiriləcək. Əsas məqsəd Estoniyanın təhsil təcrübəsi ilə tanış olmaqdır.

Konfransda Estoniya Təhsil və Tədqiqatlar Nazirliyinin yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupunun üzvü, Tallin Universitetində təhsilin idarəolunması üzrə müəllim, Eston Dili İnstitutunun tədqiqatlar üzrə layihə rəhbəri, psixoloq Stanislav Nemerjitski, Estoniyada dövlət bağçalarının mentoru, Tallin Məktəbəqədər Təhsil üzrə Direktorlar Assosiasiyasının İdarə Heyətinin üzvü Riina Ləil, Estoniyada “Lingatore” xarici dil tədrisi mərkəzinin rəhbəri, xarici dil tədrisi üzrə metodist, baş müəllim Evelin Müüripeal, Estoniyanın təhsildə inteqrasiya üzrə Dövlət Proqramının mentoru, “Təhsildə ilin adamı” mükafatı laureatı Sənəm Əliyeva təqdimatla çıxış edərək öz təcrübələrini bölüşəcəklər. Təqdimatlar “Estoniyanın PISA uğuru: əsas səbəblər”, “İdarəetməni dəyişin: uşaqyönümlü öyrənmə mühitini necə yaratmaq olar?”, “Estoniya təhsilinə baxış”, “Effektiv öyrənmə mühiti” mövzularını əhatə edəcək.

Beynəlxalq konfransda Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev açılış nitqi ilə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə