“Azərbaycan ən yaxşı nümunələrdən birini yaratmağa müvəffəq olub“ - Komitə sədri

“Azərbaycanda dini təhsil tamamilə yeni istiqamətdir. Uzun illər ərzində xalqın tarixi yaddaşında, ictimai şüurunda din və təhsil az qala əks qütbdə dayanan iki fərqli, bir-birinə zidd anlayışlar kimi stereotipləşib. Bu bəlkə də onunla bağlıdır ki, Sovet təhsil sistemi bizə dini xurafatın, təhsili isə elmin ilk pilləsi, bəzən hətta fundamental əsası kimi təqdim etmişdi. Lakin bu gün elə bir dünyada yaşayırıq ki, bütün keçmiş stereotipləri sındıraraq hər bir anlayışın fəlsəfəsini kəşf etməyə çalışırıq”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

O bildirib ki, Azərbaycan dövlətinin siyasətinin əsas məqsədlərindən biri də bundan ibarətdir ki, din haqqında təsəvvürlər elmi biliklər əsasında formalaşmalıdır: “Primitiv mülahizələr, miflər və əfsanələr, xurafat dini şüuru müəyyənləşdirən amilə çevrilməməlidir. Multikulturalizm, tolerantlıq kimi bəşəri dəyərlər bu düşüncənin mayasını təşkil etməlidir. Çünki bütün səmavi dinlərin də fəlsəfəsi elə bu prinsiplərə əsaslanır.

Bizim ölkəmiz dünyada dövlət-din münasibətləri modelinin ən yaxşı nümunələrindən birini yaratmağa müvəffəq olub və biz haqlı olaraq bununla fəxr edirik. Əminəm ki, dini təhsilin də ən uğurlu modellərindən biri də məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə