"Pedaqoji kadrların çoxluğu MİQ-in səmərəsini azaltmış olur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Artıq 10 ildən çoxdur ki, Azərbaycan təhsil sistemində müəllimlərin işə qəbulu prosesi xüsusi müsabiqə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqə əsasında aparılır. Bu, müəyyən müsbət məsələlər, tendensiyalarla yadda qalmış oldu". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, MİQ bir çox detallarda Azərbaycan təhsilinin inkişafına gətirib çıxaran bir mexanizm oldu: "Nə yaxşı ki, bu mexanizm işlək şəkildə bu gün də davam etdirilir. Doğrudur, MİQ-lə bağlı, onun mərhələləri-test, müsabiqə prosesi, yer seçimi ilə bağlı fikirlər birmənalı deyil. Bunların bəziləri ilə biz də razıyıq, məsələn, vakant yer seçimində qeyri-şəffaflıqlar olub. Əvvəllər daha çox idi. İndi azalsa, da yenə də qalmaqdadır. Bu bizim sözümüz deyil.

Elm və Təhsil naziri Emin Əmrullayev özü də dəfələrlə vakant yerlərin gizlədilməsi probleminə toxunub. Vakant yerlər nə qədər çox gizlədilərsə, müəllim namizədlərin də şansı bir o qədər az olar. Nümunə üçün, Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün MİQ müsabiqəsi keçirilir. Test imtahanı mərhələsində 10 min müəllim iştirak edir, onların 5 mini də uyğun balı toplayır. Amma 5 minin müqabilində cəmi 100-ə qədər vakant yer açılır. Bu, müsbət nəticə toplamış 4 mindən çox müəllimin haqqının tapdanmasıdır. Təsəvvür edin, uğur qazanmış hər 50 müəllimdən yalnız 1-i işlə təmin oluna bilir. Vakant yerlər gizlədilməsə, dərs saatlarının bölgüsü düzgün şəkildə aparılsa, əlavə dərs saatları zamanında çıxarılsa, boşluq qalmaz.

Artıq bizim cəmiyyətdə qədərindən artıq müəllim kadrlar var. Hər il pedaqoji əsaslı ixtisaslara ölkənin 23 universitetində kadrlar hazırlanır. Hər il nə qədər müəllim cəmiyyətə təhvil verilir. Axı onlar cəmiyyətdə iş baxımından yerləşməli, maaş almalıdırlar. Təəssüf ki, bu problem qalır. Pedaqoji kadrların, ehtiyatda olan namizədlərin çoxluğu MİQ-in səmərəsini getdikcə azaltmış olur".

Onun sözlərinə görə, məsələn, Azərbaycanda 300 tarix müəlliminə ehtiyac var: "Amma MİQ-dən uğurlu nəticə qazanan tarix müəllimlərinin sayı həddindən artıq çox olur. Üstəlik, əvvəlki illərdə uğurlu nəticə göstərən, namizəd kimi növbəsini gözləyən nə qədər müəllim var. Belə olan təqdirdə cəmi 300 vakant yer o qədər də kifayət görünmür. Məsələnin çətinliyi budur.

MİQ imtahanları keyfiyyətə müəyyən qədər müsbət istiqamətdə təsir etdi. Çünki rəqabətlilik daha yaxşı kadrların işlə təmin olunmasına gətirib çıxardı. Narazılıq olsa da, biz bunu mütləq deməliyik. Bu gün də məktəblərdə valideynlərin də, məktəb rəhbərliyinin də bir sözü var ki, MİQ-dən gələn müəllimlər başqadır. Onların yanaşması başqadır, onlar 5 oktyabrda, 15 sentyabrda, 8 Martda, Yeni ildə, ad günlərində hədiyyə yığmağa, şagirdləri yanlarına hazırlığa cəlb etməyə maraqlı deyillər. Onlar modern müəllimin iş prinsipinə daha çox əhəmiyyət verirlər, müəllim funksiyasının tələblərinə daha çox riayət edirlər. Biz bunları keyfiyyətə təsir etmək cəhətdən mütləq nəzərə almalıyıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə