BŞTİ-də sertifikatlaşdırmanın nəticələri ilə bağlı 93 vətəndaş qəbul edilib

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) SİA-ya bildirilib ki, idarədə müvafiq məsələlərlə bağlı ümumilikdə 93 vətəndaş qəbul edilib.

BŞTİ-də hər bir vətəndaşın müraciəti dinlənilir, həssaslıqla yanaşılır və müvafiq qaydada araşdırılması təmin edilir. Eyni zamanda, sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşların müraciətləri xüsusi nəzarətə götürülür, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.

Qeyd edək ki, iyul ayında da müvafiq məsələlərlə bağlı müraciət edən vətəndaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, müvafiq komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən müəllimlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılmasından ibarətdir.

Komissiyalar iyulun 30-dək fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə