“Təhsilin səviyyəsi müəllimin səviyyəsindən artıq deyil“ - EKSPERT FİKİR BİLDİRDİ

“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 minə yaxın müəllim çalışır. Etiraf edək ki, uzun illərdir orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması istiqamətində hər hansı addımın atılmaması orta ümumtəhsil məktəblərində keyfiyyətə öz təsirini göstərib. Son üç il ərzində təhsilin məzmunu, qiymətləndirmə və idarə olunmasında ciddi müsbət dəyişiklik müşahidə edirik. Beynəlxalq tədqiqadlar göstərir ki, heç bir təhsilin səviyyəsi müəllimin səviyyəsindən artıq deyil. Yəni müəllimlərin bilik və bacarıqları hansı səviyyədədirsə, birmənalı şəkildə həmin ölkənin təhsil səviyyəsi də o cürdür”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, uzun illərdir Azərbaycan təhsilində aparılan islahatlar bəzi hallarda yüksək effekt vermir: “Buna səbəb isə təhsilverənlərin bilik və bacarıqlarıdır. Elm və Təhsil Nazirliyi isə islahatları ən yaxşı istiqamətdə həyata keçirməyə başlayıb. Yəni, təhsilverənlərin bilik və bacarıqlarının artırılması istiqamətində işlər görülür. Sertifikasiya imtahanları da bizə yüksək bilik və bacarıqlara malik, səriştəli müəllimlərin tədris prosesində iştirakına imkan verir. Buna görə də sertifikasiya prosesinin təhsilin inkişafına müsbət təsir göstərəcəyini gözləyirik.

Azərbaycan müəllimi ilk dəfə 1994-cü ildən sonra qiymətləndirməyə 2014-2018-ci illərdəki diaqnostik imtahanlarla cəlb olunub. Etiraf edək ki, Azərbaycan müəllimi dərslikləri oxumağa başlayıb. Sertifikasiya prosesi ilə isə Azərbaycan müəllimi artıq öyrənməyə başlayıb. Bu artıq tədrisin keyfiyyətinə də öz təsirini göstərir. Bir neçə ildir ki, sertifikasiya prosesi keçirilir və bu il 54 abitruyent qəbul imtahanlarında maksimum bal topladı. Bu onu göstərir ki, artıq müəllimlər keyfiyyətli tədris təşkil edilməsində maraqlıdırlar. Son günlərdə baş tutan sertifikasiya imtahanının nəticələri də olduqca yaxşıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə