Elm və təhsil naziri məzun buraxılışında iştirak edib - FOTOLAR

İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) ikili diplom magistr proqramının üçüncü məzun buraxılışı keçirilib. SİA xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU, Corc Vaşinqton Universitetinin nümayəndələri, proqramın məzunları iştirak ediblər. Tədbir CVU-nun proqram direktoru Sevinc Məmmədovanın moderatorluğu ilə keçirilib.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Rektor qeyd edib ki, bu gün ikili diplom proqramından 42 nəfər məzun olur. Öncəki iki ildə məzun olmuş 41 şəxsi də nəzərə alsaq, ümumilikdə onların sayı 83 nəfərdir.

Cəfər Cəfərov həmçinin vurğulayıb ki, məzunların təhsil siyasəti və idarəetməsi sahəsində qazandıqları bilik, bacarıqlar onları gələcəyin lider və yenilikçiləri kimi hazırlayır.

Daha sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer proqram məzunlarını təbrik edib, onların təhsilin inkişafında fərq və dönüş yaradacaq liderlər kimi özlərini göstərəcəklərinə inamını bildirib.

Ardınca ikili diplom proqramında tədrisin təşkili və tələbələrin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, proqram ölkəmizin təhsil sistemində mühüm bir yeniliyin təməlini qoyub. Azərbaycan və ABŞ arasında akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində atılan bu addım gələcəyin təhsil liderlərini hazırlamaq məqsədi daşıyır. Bugünkü məzunlar bu əməkdaşlığın uğurlu nəticələrindəndir və onların əldə etdikləri bilik, bacarıqlar Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacaq.

Proqramın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə icra edilən “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında həyata keçirildiyini vurğulayan nazir bu kimi fəaliyyətlərin ölkə rəhbərliyinin təhsilin inkişafına dəstək və diqqətinin bariz nümunəsi olduğunu bildirib.

Daha sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və proqram direktoru Sevinc Məmmədova “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalı ilə təltif olunublar.

Sonda təhsil siyasəti və idarəetməsi üzrə ADPU–CVU ikili diplom magistr proqramının 2022–2023-cü tədris ili məzunlarına fəxri diplomlar təqdim olunub.

Qeyd edək ki, ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə