DİM bəzi statistik göstəriciləri açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb. İmtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəricilər ötən il keçirilən imtahanlarla müqayisəli şəkildə təqdim edilib. DİM-dən SİA-ya bildirilib ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur. Bu il imtahan yeni modelə əsasən keçirilib və iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal əvvəl kimi 100 bal olub.

2024-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24858 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24118 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox olub.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən yüksək (median 48.55) olub. Ötən il isə bu göstərici 54 bala yaxın (median 53.90) idi. Xarici dil üzrə ənənəvi test tapşırıqlarının sayının azaldılması, həmçinin bu il ilk dəfə tətbiq olunduğu üçün essedən toplanılan bala hər hansı məhdudiyyətin qoyulmaması səbəbilə esse yazmaqdan imtina göstəricilərinin çox olması ümumi nəticələrin nisbətən aşağı düşməsinə təsir göstərib.

Bu il 90 və daha yuxarı bal toplayanların sayı 44 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 458 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2106 nəfər olub. Ötən il analoji göstəricilər 161, 1119 və 4006 nəfər idi. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha azdır.

DİM-in saytında bakalavrların 2024 və 2023-cü illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlar yerləşdirilib.

Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - fevralın 11-də və aprelin 28-də keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə