“Ali təhsil müəssisələrinə qəbul ballarının yüksək olacağı proqnozlaşdırılır” - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Bakalavr pilləsinə qəbul imtahanlarının nəticələri dəqiq bəlli olmasa da, ilkin nəticələr göstərir ki, bu il ali təhsil müəssisələrinə imtahanlarda ciddi rəqabət olub. Bəzi qruplar üzrə ümumilikdə imtahan nəticələri göstərir ki, ballarda artım var. Bu daha çox özünü I və III qruplar üzrə göstərir. Buna görə də ekspertlər qeyd edirlər ki, bu il ali təhsil müəssisələrinə qəbul balları yüksək olacaq. Təbii ki, bunlar yalnız proqnozdur. Yekun nəticə isə imtahan prosesi tamamilə yekunlaşdıqdan sonra demək mümkün olacaq. Nəzərə almalıyıq ki, bu il ali təhsil müəssisələrinə qəbul planı sayında artım var, həmçinin bir neçə yeni universitet də fəaliyyətə başlayır. Bu da qəbul planında əlavə yerlərin açılması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə ballarda artım müşahidə olunsa da, ümumilikdə ciddi bir fərq olacağını düşünmürəm: “Çünki plan yerlərinin artması, yeni universitetlərin açılması imtahanlarda nəticələri normal olan abitruyentlər üçün sıxıntı yaratmayacaq.

2023-2024-cü tədris ili Azərbaycan üçün bir çox uğurlu hadisələrlə yadda qalıb. Yeni yaradılacaq universitetlərlə bağlı qərarlar verildi. Elm və Təhsil Nazirliyinin yeni əsasnaməsində ayrı-ayrı pillələr üzrə yeniliklər tətbiq olundu. Digər tərəfdən təhsilin keyfiyyəti ilə bağlı xeyli işlər görülüb. Təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar gələcəkdəki uğurlarımıza zəmin yaradır. Beynəlxalq fənn yarışlarında, olimpiadalarda şagirdlərimizin uğurları da xeylidir. Bu da təhsilin keyfiyyətinin yaxşılaşdığını göstərən amillərdəndir. Həmçinin bu istiqamətdə görülən ən yaxşı işlərdən biri də müəllimlərin sertifikasiya imtahanlarının keçirilməsidir. Ümumilikdə təhsilin ayrı-ayrı pillələrindı mühüm uğurlar əldə olunub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə